Mediada BÖYÜK İSLAHATLAR başlayır - Televiziyalar, saytlar dəyişəcək...?!

 13:17 13.01.2021     522

Bildiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına “Media haqqında” qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. 

Redaktor.az xəbər verir ki, əməkdar jurnalist, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, media sahəsində yeni yaradılmış qurumun yeni baxış, yeni proses başlatmasını arzu edir:

Vüsalə Mahirqızı — Vikipediya

"Ümid edirəm ki, hüquqi bazaya əsaslanan yeni media standartlarını müəyyən edib, ona əməl olunmasına nəzarəti doğru və tərəfsiz qaydada həyata keçirəcək. Yeni qurumdan reklam bazarı ilə bağlı heç bir gözləntim yoxdur. Azərbaycanda onlayn mediaya reklamın təmin edilməsi üçün yeni qurumun edə biləcəyi bir iş var, o da indiki xaotik durumu aradan qaldırmaq, bunun üçün hüquqi bazaya əsaslanan standartlar yaratmaqdır. Medianın böyük nüfuz qazanması üçün başqa qərarlara da ehtiyac var. Əsas odu ki, yeni baxış və inkişaf istəyi olsun. 

106.3 FM radiosunun aparıcısı və layihə rəhbəri Raqif Raufoğlu isə bildirib ki, istənilən halda belə bir qərarın olması ümidvericidir:

"İndi medianın inkişafına xüsusilə dəstək lazımdır. Balıq vermək və ya balıq tutmağı öyrətmək məsəli var. Pandemiyadan ciddi zərər görən sahələrdən biri də mediadır. Önəmli olan odur ki, bu sahənin özünə gəlməsi üçün ciddi şərait yaradılsın. Hər dəfə hansısa maddi dəstək ayrılması çıxış yolu deyil. Normal bazar mühiti yaradılsa, ciddi fərqi görəcəyik".

Raqif Raufoğlu - 106.3 FM - Azad Azərbaycan radiosu

Filologiya elmləri doktoru, əməkdar jurnalist, media eksperti Qulu Məhərrəmli də bildirib ki, ilk növbədə medianın qanunvericilik bazası cilalanmalıdır:

"İndi elə çağırışlar var ki, əvvəlki qanun buna cavab vermir. Xüsusən internet mediası sahəsində ciddi problemlər var. Söhbət təkcə informasiyaların yayılmasından getmir, həmçinin dezinformasiya materiallarını da bura aid edə bilərik. Əvvəlcə texnoloji problemlər həll olunmalıdır. Təkcə yazılı media deyil, internet televiziyası və radio sistemləri də maliyyələşdirilməlidir. Yəni, pul elə bir yerə xərclənməlidir ki, cəmiyyət üçün faydalı olsun. Həmçinin, dünya mediasında olan trendlər də yerli mediada tətbiq edilməlidir. Bu prosesdə media, jurnalistika təhsili, ixtisas artırma çox vacibdir. İnformasiyanın peşəkarlıqla çatıdırılmasında təhsil, intellekt önəmli rol oynayır. Media Agentliyinin yaradılması çoxdan gözlənilən və labüd bir addım idi. Hesab edirəm ki, bu fərman bir sıra problemlərin aradan qaldırılması yolunda ciddi addımlar atacaq.

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik...”Şəfəq Samed \ Redaktor.az