"Sosial şəbəkələr media olaraq təqdim edilə bilməz" - ƏMƏKDAR JURNALİST
"Media hər zaman inkişaf edən dinamik bir sahədir. Jurnalistika ildən-ilə inkişaf edir, yeniliklər gətirir. Təbii ki, burada islahatların aparılmasına ehtiyac var. Yeni yaradılacaq media agentliyi də yeni trendlərin öyrənilməsi, qlobal informasiya məkanında gedən yeniliklərin izlənməsi baxımından son dərəcə əhəmiyyətli və vacibdir".
Redaktor.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetini Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu deyib. O bildirib ki, biz professional media ilə sosial şəbəkələri bir-birindən ayırmalıyıq:
"Sosial şəbəkələr professional media kimi qəbul edilə bilməz. Sosial şəbəkələr sadəcə kütləvi kommunikasiya, ünsiyyət vasitəsidir. Orada olan hər hansı fikir yaxud yanaşma fərdi məsuliyyətdən irəli gələn yanaşmadır. Bəzən bundan özünü media kimi təqdim edən qurumlar da istifadə edir. Burada məsələni media və fərdi məsuliyyət olaraq iki hissəyə ayıra bilərik. İstənilən halda məsuliyyət məsələsinin hüquqi tənzimlənməsi var. Bugün medianın özünün dəyişməsi və internet platformaya daşınması daha çevik yanaşmanı və mexanizmlərin tətbiqini tələb edir.
İnternet platformasında təmsil olunan media orqanlarına da müəyyən diqqət ayrılmalıdır. Buraya informasiya saytları və internet televiziyaları daxildir, sosial şəbəkələr yox. Bugün media quruluşları müxtəlif formatlarda öz məhsulunu cəmiyyətə təqdim edir. Buna görə də bu prosesin hüquqi müstəvidə tənzimlənməsi vacib məsələdir".
Şəfəq Samed \ Redaktor.az