Xocalı soyqırımı ilə bağlı təbliğat materialları hazırlanıb - Gənclər Kitabxanasının / FOTO

 11:16 24.02.2021     1178

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası silsilə xarakterli video materiallar hazırlayaraq, istifadəçilərə təqdim ediblər. 

Redaktor.az-ın məlumatına görə, Burada “Xocalı soyqırımını unutma” adlı video çarx, “Xocalı qətliamı 29” adlı ingilis dilində virtual sərgi, “Xocalı soyqırımı-qan yaddaşımız” adlı virtual foto sərgi və s. materialların adını çəkmək olar.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan və Xocalı soyqırımının ingilis dilli istifadəçi kütləsi arasındakı təbliğinə yönlənmiş “KHOJALY MASSACRE 29” (“Xocalı qətliamı 29”) adlı virtual sərgi Xocalı soyqırımının bütün hadisələrini ardıcıllıqla əks etdirir. Virtual sərgidə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanması,  1275 nəfərin əsir götürülməsi, əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması və s. bu kimi faktlar dəqiqliklə, rəqəmlərlə əks edilib. Virtual sərgidə o günlərin foto xronikasına da yer alıb.

“Xocalı soyqırımı-qan yaddaşımız” adlı virtual foto sərgidə bu ağrılı, acılı, qəm-qüssə, nisgil dolu 29 il ərzində Xocalı soyqırımı haqqında olan posterlər, foto çəkilişlər təqdim olunub. Virtual sərgidə Xocalı soyqırımı haqqında olan şüarlara, statistik rəqəmlərə də yer ayrılıb.

Respublika Gənclər kitabxanasının sosial şəbəkə səhifələrində Xocalı faciəsi mövzusuna həsr etdiyi paylaşımlar istifadəçilərin də diqqətindən yan keçməyib. Paylaşımlardan ruhlanan, istifadəçilər tərəfindən Xocalı faciəsinə dair hazırlanan materiallar kitabxananın İnstagram və Facebook səhifələrində yerləşdirilib. Kitabxanada “Xocalı soyqırımı 29 il” başlığı altında kitab sərgisi də təşkil edilib.

2