SON DƏQİQƏ: Azərbaycanda karantin yenidən sərtləşdiriləcək - NOVRUZ BAYRAMI ilə bağlı...

 14:04 02.03.2021     4779

Millət vəkili Arzu Nağıyev pandemiya ilə əlaqəli olaraq ölkədə Novruz bayramından öncə qapanmanın gözlənildiyini bildirib.

Redaktor.az-a açıqlama verən A.Nağıyev vəziyyət belə davam etsə karantin qaydalarının yenidən sərtləşdirilməsinin vacib olduğunu vurğulayıb:

“COVID-19 pandemiyası ilə mübarizədə bizim bir neçə yolumuz var, bunlar sosial məsafəni saxlamaq, maskadan istifadə etmək, gigiyenanın qorunması və vaksinasiya olunmaq. Ümumi testlərin və yoluxanların sayına baxsaq görərik ki, hələ tam şəkildə bu prosesin sona çatması yaxın zamanda gözlənilmir. Bu gün problem var, artım günü-gündən çoxalır. Belə getsə düşünürəm ki, qapanmalara qayıdacağıq".

Millət vəkili Bakı metropoliteninin açılması məsələsinə də toxunub:

“İnsanlardan çox şey asılıdır, hər bir vətəndaş ciddi şəkildə sadaladığımız üç məsələyə riayət etsə, niyə də metro açılmasın?! Amma bəzi insanlar var ki, hələ də biganə yanaşırlar. Təssüflər olsun ki, bu gün vaksinləşməyə belə inanmayanlar var”.

Aysel Hacıyeva / Redaktor.az

Hava kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

 13:21 02.03.2021     4799

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  

Martın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Xəbərdarlıq

Martın 3-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.  

Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.