Rövşən Əkbərovu 20 il və ya ömürlük həbs cəzası gözləyir - MİLLİ QƏHRƏMAN ADI İSƏ...

 15:40 17.03.2021     1180

Xəbər verdiyimiz kimi, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub. Rövşən Əkbərovun barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçilib.

Qeyd edək ki, R.Əkbərov, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı bu ölkənin prokurorluq orqanlarında cinayət işi qaldırılıb. Bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan  vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan hüquq-mühafizə orqanlarına göndərilib.

Cəmiyyətə bu həbslə bağlı bir sıra müzakirələrə səbəb olan məsələlər var. Məsələn, günahı sübuta yetiriləcəyi halda generalı hansı cəza gözləyir, Milli Qəhrəman adı geri alınacaqmı?

Bununla əlaqəli vəkil Roman Qaraşov Redaktor.az-a açıqlama verib. Onun sözlərinə görə, qeyd edilən ciyanət faktı üzrə hələ ki, şəxs təqsidləndirilən şəxs qismində gedir, cinayəti törətmədə şübhəli bilinir:

“Qeyd edilən maddələr qəsdən adam öldürmə və xuliqanlıq ilə bağlıdır, 19 il əvvəl törədilmiş cinayətə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə cinayət qanunvericiliyi yol verir, çünki bu, xüsusilə ağır cinayətlər kateqoriyasına aid əməl kimi tövsif olunur. Bu kimi hallarda cinayətkarı 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum cəzası gözləyir.

Həmçinin, Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, faxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul edir.

Digər tərəfdən, təqsirkarı ordendən, medaldan, fəxri addan və ya ali zabit rütbəsindən məhrumetmə haqqında səlahiyyətli ali hakimiyyət va icra orqanlar qarşısında məsələnin qaldırılması və şəxsin belə adlardan va ya hərbi rütbədən məhrum edilməsi heç də cəzanın növü kimi deyil, törədilən ağır cinayatin doğurduğu nəticə kimi başa düşülməlidir. Yəni həmin cinayət əməli sübuta yetirilərsə, onun ali xüsusi rütbəsi, orden və medallarının geri alınması barədə məhkəmə təqdimat verə bilər".

Aysel Hacıyeva / Redaktor.az