“Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib

 15:19 30.03.2021     446

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Redaktor.az-ın məlumatına görə, sərəncama əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: 

Müşahidə Şurasının sədri

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Məmməd Abbasbəyli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini

Samir Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.