İki gözünü itirən qazi: Anamın göz yaşlarına dözə bilmirəm

 11:15 01.04.2021     113

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə yüksəlib, 1200-dən çox əsgər və zabitimiz isə qazi olub.

Redaktor.az xəbər verir ki, onlardan biri də Kamil Səfərlidir.

Qazimiz 1999-cu ildə Tərtər rayonu Cəmilli kəndində anadan olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. Hərbi xidmətini başa vuran ərəfədə Vətən müharibəsi başlayıb və o, döyüşlərə qatılıb:

“27 sentyabrda xüsusi texnikalarla döyüşə başladıq. Oktyabrın 4-ü Talış kəndi uğrunda döyüşlər başladı. 2-3 gün müddətində Talış kəndini düşməndən azad etdik.

Döyüşdə dostlarım gözümün qarşısında şəhid oldu. Ən güclü döyüş isə Suqovuşan istiqamətində oldu. Hava yağıntılı olduğuna görə yer palçıq idi və hərəkətimiz çətinləşmişdi. Əsgər yoldaşım və mən silahlar götürmək üçün geri qayıdırdıq, hava çox qaranlıq idi, qəfildən yanımızda mina partladı, mən gözlərimi, dostum isə ayağını itirdi.

Partlayış zamanı diz üstə çökdüm üzüm sanki yanırdı, ayaqlarımı da hiss etmirdim, düşündüm ki, artıq ayaqlarımı itirdim. Yaralandıqdan sonra məni Naftalana gətirdilər, həkimlər hər şeyin yaxşı olacağını dedilər.

Oktyabrın 20-si mən artıq Bakıda xəstəxanada idim, danışa da bilmirdim. Ağzım bütöv yanmışdı, xüsusi vasitələrlə boğazıma su ötürürdülər, günlərlə yemək yeyə bilmədim.

Mənim hər iki gözüm görmür. Sol gözüm zil qaranlıqdır. Həkimlərin də dediyinə görə ümid yoxdur. Bunu özüm də bilirəm. Lakin sağ gözüm ilə günəş işığını, yanımda olan insanların kölgəsini duya bilirəm, havanı hiss edirəm. Qohumlarımın araşdırmasına əsasən öyrənmişik ki, mənim sağ gözümə “çip göz” taxılarsa, görmə şansım olacaq. “Çip göz” ABŞ-da, Yeni Zelandiyada və Almaniyada taxılır. İsrail həkimləri isə ümidin olmadığını bildirib. Mən yalnız öz dövlətimə inanıram və güvənirəm.

Azərbaycan həkimləri də ümidin olduğunu dedilər. Əgər həqiqətən sağ gözümün görməsinə ümid varsa, mənə kömək göstərilsin. Anamın göz yaşlarına dözə bilmirəm. Gözüm 10 faiz də olsa, görsün, ailəmin üzünə baxa bilim. Gözümə işıq verilsə, özümü dünyanın ən xoşbəxt insanı sanaram”. //Modern.az