Səlçuk Bayraktar Qarabağ müharibəsi haqqında danışıb

"Azərbaycanda səfərim zamanı Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdim".
Redaktor.az xəbər verir ki, bu sözləri AzTV-yə açıqlamasında məşhur “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar deyib.
“Bakı çox gözəldir və bu şəhəri gəzmək mənim üçün xoşdur. Sahildə gəzdik və qardaş ölkənin vətəndaşları ilə birlikdə gözəl zaman keçirdik.
Qarabağ məsələsi bizim də ürəyimizdə sağalmaz bir yara idi. 30 ildir qanayan yaramızın sağalmasına töhfə vermək çox böyük xoşbəxtlikdir. Mühəndis olaraq bu işə dəstək olmaq bizim üçün şərəfdir. Bu günə qədər həm Türkiyədə, həm də ölkə xaricində keçirilən əməliyyatlarda mühəndis heyəti ilə birlikdə iştirak etmişik. Çünki yüksək texnologiya dediyimiz məfhum çatışmayan tərəfləri tamamlandıqda, müharibə zamanı orduya kömək ola bilər. Bununla da qələbə qazanmaq mümkündür”, - deyə S.Bayraktar qeyd edib.