Pomidor minalayıcı güvəsinin risk təhlili həyata keçirilir - FOTO

 13:06 09.04.2021     106

Pomidor minalayıcı güvəsinin yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsziliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilir.

AQTİ-dən Redaktor.az-a verilən məlumata görə, risk təhlili ölkədaxili və beynəlxalq ticarətdə karantin qaydalarına uyğun olaraq zərərvericidən azad əkin materialından istifadə edilmiş şitillər məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər intensiv monitorinq və araşdırmalar aparılmaqla davam etdirilir.

Sirayətlənmənin qarşısını almaq üçün zərərvericidən azad əkin materialından istifadə edilməsi əsas şərtdir. Bu səbəblə şitillər məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər bu zərərverici üzrə AQTİ tərəfindən fitosanitar monitorinqlər həftədə ən azı bir dəfə aparılır. Sirayətlənmənin aşkarlandığı şitillik, istixana və açıq əkin sahələrindəki zədələnmiş bitki hissələri və zərərvericinin sahib bitkiləri olan alaq otları sahədən çıxarılaraq utilizasiya edilir. Həmçinin AQTİ mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinə lazımi metodiki dəstək göstərilir.

Qeyd edək ki, bu güvənin əsas qida bitkisi pomidor olsa da, bir sıra mədəni və yabanı bitki növlərində də rast gəlinir. Zərərverici pomidor bitkisinin kökü istisna olmaqla bütün vegetativ, generativ orqanlarına ziyan vurur və sirayətlənmə çox olduqda isə bitkinin tamamən qurumasına səbəb olur.