Azərbaycanın ABŞ-dakı yumşaq gücü

 16:22 01.05.2021     291

Dünyanın beş qitəsini əhatə edən Azərbaycan diasporu yeni mərhələdə öz fəaliyyətini beynəlxalq aparıcı güclərdən sayılan ABŞ-da da gündən-günə genişləndirir, Azərbaycan haqqında yaşadıqları cəmiyyətdə aydın təsəvvürün yaradılması, ümummilli məsələlərin yerli ictimaiyyətə dolğun çatdırılması məqsədilə reallaşdırdığı müvafiq tədbirlərin kəmiyyəti və keyfiyyətini ildən-ilə artırır.

Ələlxüsus, biz ötən dövr ərzində daha qabarıq şəkildə bunun Qafqaz regionu, Azərbaycan, ümumilikdə dünya üçün böyük təhlükə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi gerçəkliklərin təbliği və təşviqində şahidi olduq.

Məhz bu istiqamətdə konseptual yanaşmanın ortaya qoyulması ABŞ cəmiyyətində və yüksək dairələrində obyektiv fikrin formalaşmasına müsbət təsir göstərmişdir. Biz bunu 2020-ci ildə Ermənistanın təxribatı ilə başlayan və Azərbaycanın zəfəri ilə yekunlaşan İkinci Qarabağ müharibəsində müşahidə etdik. ABŞ ictimaiyyətinin həmişəki kimi ermənilərə birmənalı dəstək göstərməməsi, bu həssas vaxtda müəyyən mənada loyallıq nümayiş etdirməsi bütövlükdə dünya azərbaycanlılarının, habelə Azərbaycan diasporunun bu dövr ərzindəki zəhməti kimi qiymətləndirilə bilər.

Bəllidir ki, ABŞ-da ermənilərin sayı, məskunlaşması və təşkilatlanmasının tarixi azərbaycanlılardan xeyli əvvələ gedib çıxır. Buna baxmayaraq son bir neçə ildə burada diasporla iş üzrə pozitiv dönüş əldə edilmiş, Azərbaycan diaspor və lobbisinin faydalı iş əmsalı yüksəlmişdir.

Təbii ki, əsas amillərdən biri də ABŞ-dakı Türk icması ilə münasibətlərin düzgün qurulması və birlikdə addımların atılmasıdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin 2018-ci ildə Birləşmiş Ştatlara səfəri bu istiqamətdə effektivliyin artması ilə nəticələnmişdi.

Bir neçə gün əvvəl, aprelin 24-də Türkiyənin ABŞ-dakı səfirliyinin qarşısında Türkiyə və Azərbaycan icmalarının birgə etiraz aksiyası buna bariz nümunədir. Şeridan meydanında gerçəkləşdirilən tədbir ermənilərin 24 aprel qondarma soyqırımı iddiaları ilə bağlı paytaxt Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısında “anım” aksiyası təşkil etmələrinə cavab olub. Aksiya zamanı Vaşinqton şəhərində yaşayan Türkiyə və Azərbaycan diasporlarının nümayəndələri ermənilərin soyqırımı iddiasının yalan və böhtan olduğunu bəyan ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin Birləşmiş Ştatlara səfəri Azərbaycan diasporunun digər ölkələrin diasporu və lobbi təşkilatları ilə əməkdaşlığı və bunun daha da inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edib. Belə ki, sadalananlardan başqa həmin səfər zamanı Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələrdən söhbət açılıb, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə təşkil etdiyi tədbirdə də iştirak edib. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi, gələcək perspektivləri barədə danışaraq, hər iki xalqın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Komitə rəhbərliyi okeanın o tayına səfər ərəfəsində Los-Ancelesdə Lənkəran-Monterey Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və Kaliforniyanın Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

Səfər çərçivəsində Türkiyənin Los-Anceles şəhərindəki Baş Konsulu Can Oğuzla görüş olmuş, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı Türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak etmişdir. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanmışdır. Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektiv koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilmiş, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilmişdir.

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə tutmuşdur. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, nailiyyətlər və gələcək planlardan söhbət açılmış, yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri ətraflı müzakirə edilmişdir.

Gələcək perspektivdə aşağıdakı amillərin nəzərdən keçirilməsi məqsədəuyğundur.

ABŞ_da Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının təsis edilməsi.

Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi (yəhudi, ukrayn, rumın, Pakistan və b)