Bərdədə şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub

Bərdə rayonu Qazaxlar kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin şəhidlərinin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Redaktor.az xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri, veteranlar iştirak ediblər. Mərasimdə istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynov bildirib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi sayəsində azad edildi. Bu yolda şəhidlər verdik. Şəhidlərimizin qəhrəmanlığı sayəsində qələbə sevinci yaşadıq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq.
Şəhid valideynləri övladlarının Vətən uğrunda şəhid olduğuna görə qürur duyduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar. //Azərtac