Qarabağa getmək üçün icazə necə verilir? - RƏSMİ AÇIQLAMA

 16:12 17.05.2021     375

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə icazəsiz keçmək istəyənlərin sayı artmaqdadır.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ərazilərə giriş-çıxışı tənzimləmək üçün müvafiq postlar fəaliyyət göstərir:

"Hazırda işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatları təhlükəsi ilə bağlı təmizləmə işləri aparılır. Bu səbəbdən ərazinin təhlükəli vəziyyəti nəzərə alınaraq ayrı-ayrı şəxslərin ərazilərə buraxılmasına və sərbəst hərəkətinə icazə verilmir. Bununla bağlı müvafiq stansionar postlar qurulub. Həmin postlar işğaldan azad edilmiş ərazilərə daxil olan şəxslərin icazəsinin olub-olmadığını yoxlayır”.

Elşad Hacıyev həmin ərazilərə kimlərin girişinə icazə verildiyini də deyib:

"Ərazi minalardan təmizləndikcə həmin ərazilər nəzarətə götürülür. Nəzarətə götürülən ərazilər isə müvafiq dövlət qurumlarına, orada infrastruktur lahiyələri icra edən qurumların ixtiyarına verilir ki, iş aparılsın. Həmin ərazilərdə hazırda yenidənqurma və infrastruktur lahiyələri icra edilir. Buna görə də orada müvafiq infrastruktur lahiyələrin icrasında və nəzərdə tutulan işlərin həyata keçirilməsində çalışan şəxslərin buraxılmasına icazə verilir”.

DİN rəsmisi işğaldan azadl edilmiş ərazilərə getmək istəyən şəxsləri bir az daha səbrli olmağı tövsiyə edib:

"Hazırda ərazinin təhlükəli olmasını nəzərə alaraq, o yerlərə getmək arzusunda olan şəxslərə tövsiyə edirik ki, bir qədər də səbrli olsunlar. Ərazilər tam təhlükəsiz vəziyyətə gətirildikdən sonra vətəndaşların həmin yerlərə buraxılmasına tam şərait yaradılacaq”. //Cebhe.info

Vumart və Güvən reklamı Vumart Güvən