İyunun 1-dən məscidlərlə bağlı qadağa ləğv ediləcək? - AÇIQLAMA

 16:14 24.05.2021     305

"Mən birdən-birə tamamilə yumşaldılmaya gedilməsinin əleyhinəyəm. Biz ötən il eyni təcrübəni yaşadıq və ardınca sərt karantinlərin şahidi olduq. Ona görə tam yumşaldılmanın tərəfdarı deyiləm. Bu hal kütləvi yoluxmaları artıra bilər. Əgər tam yumşaldılmaya gedilərsə, çimərliklərə icazə, toylara qoyulan qadağa və digərləri ləğv olunarsa, yenidən ölkəmiz üçün təhlükələr yarana bilər".

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkədə yoluxanların sayı ilə bağlı azalma var, vaksinasiya prosesi gedir:

"Lakin mən nisbətən ehtiyatlı yanaşmanın tərəfdarıyam. Biz həddən artıq yumşaldılmaya gedərək yenidən yoluxmaların artmasına səbəb ola bilərik.

Məscidlərlə bağlı bizə həddən artıq müraciətlər daxil olur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də mövqeyini açıqlayıb. Bu gün məscidlər var ki, orada cümə namazlarının qılınması və digər ayinlərin yerinə yetirilməsini istəyirlər.

Lakin bu məsələdə ehtiyatlı olmaq lazımdır. Çünki elə məscid var ki, orada eyni anda 3-5 min insanın namaz qılmaq imkanı var. Bu prosesin özünü tənzimləmək elə də asan deyil. Yaddan çıxarmaq olmaz ki, Bakıda cümə namazları zamanı böyük sıxlıq yaranırdı və indi həmin insanların axışını tənzimləmək çətindir.

Bu qadağanın ləğvində mexanizm tətbiqi çox önəmlidir. Bununla bağlı dövlət qurumlarına, o cümlədən QMİ-yə müraciətlər olub. Yəqin ki, bütün bunlar təhlil edilərək qərarlar qəbul ediləcək.

Hesab edirəm ki, məscidlərin içində maskadan, giriş-çıxışda dezinfeksiya vasitələrindən istifadə etməklə və icma üzvlərinin tənzimləməsi ilə bu prosesə nəzarət etmək mümkündür. Bakıda “İlahiyyat” və “Məşədi Dadaş” məscidinə çoxlu sayda insanlar gedirlər. Məhz bu qaydalara riayət etməklə haradasa bu məsələni nəzərdən keçirmək mümkündür. Bu məsələdə çox ciddi nəzarət olmalıdır ki, problem yaşanmasın. Xüsusən də camaat namazları zamanı məsafəni saxlamaq mümkün olacaqsa, icma üzvləri bunu tənzimləyə biləcəksə, maska taxmaq və dezinfeksiya qaydalarından istifadə etməklə məscidlərin açılması mümkün ola bilər. Operativ Qərargah ölkədəki epidemioloji durumu təhlil edərək bu məsələdə öz qərarını verəcək". //Baku.ws