COVID pasportunun necə əldə olunacağı AÇIQLANIB

 13:46 25.05.2021     469

Azərbaycanda COVID pasportunun necə əldə olunacağı açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, artıq ölkədə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib: “Birinci sertifikat peyvəndlənə sertifikatıdır. İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın “e-təbib” tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda e-gov.az portalından da çap edib, kağız formasında özündə saxlaya bilər. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da COVID pasportu kimi hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır.

Beləliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi birlikdə COVID pasportu hesab olunur. Bunlardan birinin mövcudluğu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək.

Gələcəkdə bu yanaşmanın konsert, kinoteatr, toylar, digər şənliklərə tətbiqi də nəzərdə tutulur. Qeyd olunanlara bunun nə zaman tətbiq olunacağı barədə isə məlumat veriləcək”. //APA