Gəncədə susuzluqdan quruyan ağaclar barədə AÇIQLAMA - VİDEO

 20:57 25.05.2021     113

Ötən gün sosial şəbəkələrdə Gəncədə ağacların susuzluqdan quruması ilə bağlı məlumatlar paylaşılıb.

Redaktor.az xəbər verir ki, hadisə Gəncənin Abbas Səhhət qəsəbəsində baş verib. 

Belə ki ərazidəki irigövdəli şam ağacları kütləvi şəkildə quruyub. Sakinlər iddia edirlər ki, ərazidəki su kranlarından su gəlmir.

Məsələnin həll olunmadığını deyən sakinlər problemin həlli üçün polisə də şikayət ediblər. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatla əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin əraziyə baxış keçirilib:

“Əməkdaşlar əraziyə gələrək həmin ağacların həqiqətən uzun müddət sulanmadığını müəyyən ediblər. Polis əməkdaşları tərəfindən ağacların sulanması təmin olunub, aidiyyəti qurumlara bundan sonra mütəmadi sulanması və qulluq edilməsi barədə məlumat verilib”.