“Zirvələrə ucalan Azərbaycanım” adlı tədbir keçirilib - FOTO

Respublika Gənclər Kitabxanası Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş 28 May Respublika Günü ilə əlaqədar olaraq silsilə tədbirlər həyata keçirib.
Redaktor.az xəbər verir ki, 25 may 2021-ci il tarixdə Respublika Gənclər Kitabxanası, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsi və “Elin səsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zoom” proqramı üzərindən “Zirvələrə ucalan Azərbaycanım” adlı tədbir təşkil edilib.
Tədbirdə qonaqlarla yanaşı, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb, 1918-ci il may ayının 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salaraq, onun islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi olmasından danışıb.
Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olmasını qeyd edərək, öz üzərinə götürdüyü çətin vəzifələri şərəflə yerinə yetirdiyini qeyd etmişdir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın öz suverenliyini qoruyub saxlamağı bacarmasından söhbət açıb.
Azərbaycan Milli Elmlər Akademiyası elm tarixi istitutunun elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, tədqiqatçı alim Elvin Talışınski boyük inamla bir gün tarixi torpaqlarımızın qaytarılacağını, Azərbaycanımızın daha da möhkəmlənəcəyini vurğulayaraq, Azərbaycanın milli-mənəvi dəyərləri, elmi cəmiyyətlərin fəaliyyətləri mövzusunda danışıb.
Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şahlar Şərifov çıxışının əvvəlində 28 may tarixinin hər bir Azərbaycan vətəndaşının hafizəsində və qəlbində böyük qürur hissi ilə xatırladığı gün olmasını qeyd etmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlət quruculuğumuzun bərpa olunması, Azərbaycanda milli ordusunun əsasının qoyulması, himnimizin, gerbimizin təyin olunması, milli valyutanın dövriyyəyə buraxılması mövzusunda söhbət açıb.
Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi çıxışında “Bizim çox zəngin və böyük tariximiz var. Yalnız güclü və inamlı liderin rəhbərliyi altında idarə olunan ölkə bu cür güclü ola bilər” fikrini səsləndirməklə, Azərbaycan xalqının çox güclü və inamlı liderinin olmasını vurğulayıb. Sonradan Pərviz Kazımi çıxışında Azərbaycanda əlifba islahatı mövzusuna da toxunub.
Bundan əlavə Respublika Gənclər Kitabxanası 28 May Respublika Günü münasibətilə maraqlı video materiallar da hazırlamışdır. Lakin bu haqda irəlidə gələn paylaşımlarımızda daha ətraflı məlumat ala biləcəksiniz. Bizi izləməkdə davam edin.
