Dənizkənarı bulvar ərazisi bağlanmayacaq - RƏSMİ

 15:04 26.05.2021     138

Bu il Formula 1 yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə məlumatında bildirilir.

Məlumatda əhaliyə müraciət edilərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələri xahiş olunur: "Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda hərəkətin maneəsiz təşkili eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması da əhalinin ictimai nəqliyyat imkanlarının artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik".