Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

 15:12 29.05.2021     195

“Bakı Metropolitenində qiymət artımı ilə bağlı sosial şəbəkələrdə və insanlar arasında yayılan məlumatlar əsasızdır”.

Redaktor.az bildirir ki, bunu APA TV-yə açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. O qeyd edib ki, metropolitendə sərnişin daşımaları zamanı qoyulan qiymətləri Tarif Şurası müəyyənləşdirir: “Tarif şurası hazırda bu barədə heç bir qərar verməyib. Qiymətlərin artırılması üçün Bakı Metropoliteni yalnız Tarif Şurasına müraciət edə bilər. Hazırda isə belə bir müraciət edilməyib. 31 may tarixindən “Bakı Metropoliteni” QSC-də qiymətlər əvvəl olduğu kimi 30 qəpik olacaq”.

B. Məmmədov qeyd edib ki, pandemiya şəraitinə uyğun olaraq metroda sosial məsafə və maskadan düzgün istifadə qaydalarına ciddi nəzarət olacaq: “Vətəndaşları ciddi zərurət olmadığı halda metrodan istifadə etməməyə çağırırıq”.