Cəlilabadda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

 23:04 29.05.2021     289

Cəlilabad rayonunun Musalı kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Elşən Niftullayevin doğum günündə onun xatirəsinə tikilmiş bulağın açılışı olub.

Redaktor.az xəbər verir ki, açılış mərasimində rayonun rəhbər işçiləri, müharibə veteranları, şəhid ailələrin üzvləri, kənd sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Elşən Niftullayevin məzarı önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

“Şəhid bulağı”nın açılış mərasimində çıxış edənlər Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Elşən Niftullayevin göstərdiyi qəhrəmanlıqdan danışıblar. Qeyd edilib ki, şəhid Elşən Əfqan oğlu Niftullayev 1999-cu ildə Cəlilabadın Musalı kəndində anadan olub. Həqiqi hərbi xidmət illərində düşmənlə üzbəüz mövqelərdə xidmət edən Elşən Niftullayev sonrakı xidmətini hərbi kurs bitirməklə gizir kimi davam etdirib. O, 44 günlük Vətən müharibəsinin ilk anlarından Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Cəsarəti və əzmi, ağır əməliyyatlarda irəli atılması ilə şəxsi nümunə göstərib. Elşən Niftullayev döyüşlərin ən gərgin anlarında - oktyabrın 6-da yaralı olmasına baxmayaraq, inadla adsız yüksəkliyə qalxıb, üçrəngli bayrağımızı zirvəyə sancarkən şəhid olub.

Diqqətə çatdırılıb ki, Elşən Əfqan oğlu Niftullayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qeyd edək ki, şəhidin atası Əfqan Niftullayev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. //AzərTac