FHN maarifləndirmə tədbiri keçirib

 17:45 31.05.2021     143

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirib.

FHN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, tədbir dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, izahedici stendlər nümayiş etdirilib. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani nümayiş etdirilib.

Tədbirin sonunda toplantıda iştirak edən əməkdaşlara “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda hazırlanmış yaddaş vərəqələri paylanılıb.