Şəhidi Fərid Seyfullayevin övladı dünyaya gəlib

 12:45 04.06.2021     831

Vətən müharibəsi şəhidi Fərid Seyfullayev övladı dünyaya gəlib.

Redaktor.az-ın məlumatına görə, xaçmazlı şəhidin qızı doğulub. Ona Fərid Zaman adı verilib. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyaya göz açan körpə bu gün evə buraxılıb. Mərkəzdən verilən məlumata görə, şəhidin həyat yoldaşının və körpənin vəziyyəti normaldır.

Bu, F.Seyfullayevin ikinci övladıdır.

Şəhid Fərid Seyfullayevun övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə anaya 1000 AZN təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, F.Seyfullayev Füzulidən Şuşayadək döyüş yolu keçib. Qəhrəman döyüşçü noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. //APA