Şəhid həmkarlarımıza Allahdan rəhmət diləyir, erməni terrorunu lənətləyirik! - REDAKTOR.AZ

Xəbər verdiyimiz kimi, bu gün həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov Kəlbəcər rayonunda peşə fəaliyyətlərini həyata keçirərkən minaya düşərək həlak olublar. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır. Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilmişdir. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi prosesini Ermənistan həyata keçirmir. Ümid edirik ki, beynəlxalq birlik bu məsələdə Ermənistana daha çox təzyiq edəcək, insan ölümlərinin qarşısını alacaq.
Başda təsisçimiz Seymur Şeydayev olmaqla, Redaktor.az saytının kollektivi olaraq həmkarlarımızın ölümündən dərin hüzün duyur, ailələrinə başsağlığı verir, acılarına şərik olduğumuzu bildiririk.
Allah rəhmət eləsin!