DSK və UNICEF arasında birgə İş Planı imzalanıb

 15:40 08.06.2021     94

Bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (DSK) ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi arasında 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planının imzalanması mərasimi keçirilib.

DSK-dən Redaktor.az-a verilən məlumata görə, Komitə sədri Tahir Budaqov tədbir zamanı bildirib ki, Dövlət Statistika Komitəsi ilə BMT-nin müvafiq strukturları, o cümlədən UNICEF arasında sıx əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, 2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planı “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2021-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində hazırlanıb. İş Planının həyata keçirilməsi ölkədə ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının statistik qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsinə dəstək verəcək, uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin DSK ilə birgə hazırlanmış İş Planının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu əməkdaşlıq DİM-ə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, bu sahədə monitorinq və hesabatvermə üzrə milli potensialın artırılması üçün məlumatların toplanması işinin təkmilləşdirilməsinə dəstək göstərəcək.

Sonra “2021-2022-ci illəri əhatə edən dövr üçün birgə İş Planı”nın imzalanması mərasimi keçirilib. İş Planını DSK sədri Tahir Budaqov və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar.