Metro iyun ayında hər gün işləyəcək - RƏSMİ

 14:38 11.06.2021     102

Bakı Metropoliteni iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

Redaktor.az-ın məlumatına görə, bu, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda əksini tapıb.

Qeyd edilib ki, Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilmişdi.

Bakıda keçiriləcək Uels-İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə-İsveçrə oyununun keçiriləcəyi 20 iyun bazar günlərinə təsadüf edir.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən isə 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulmuşdu.

Yəni, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmamışdı. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edirdi və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə - İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə bilərdi.