Lotu Qulinin adamına hökm oxunub

 06:49 04.07.2021     122

Lotu Qulinin Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilən adamının məhkəməsi başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elvin Əliqismət oğlu Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Elvin Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.

Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib.

O, bu günlərdə Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.

Cinayət işi üzrə ibtidai istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılıb.

Elvin Cəfərov kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan mərhum Nadir Səlifovun yaxın adamı olub. //Musavat.com