Dövlət Komitəsi soydaşlarımızdan diqqətini əsirgəmir - Gürcüstan

 16:28 05.07.2021     1121

Qonşu Gürcüstanda yaşayan, bu ölkənin vətəndaşları olan azərbaycanlılara dövlətimiz xüsusi diqqət, həssas münasibət və qayğı ilə yanaşır. Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətin həyatına sıx inteqrasiya etməsi, təhlükəsiz şəraitdə və rahat yaşaması üçün müvafiq addımlar atılır. Təqdirəlayiqdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə ölkəmizin ali rəhbərliyinin tapşırıqlarını dəqiqliklə yerinə yetirməyə çalışır.

Redaktor.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev hesab edir ki, son illər Dövlət Komitəsinin fəaliyyətində və diaspor hərəkatında canlanmanın başladığı göz önündədir: "Komitə islahatlara açıqdır, müasir texnoloji vasitələrdən uğurla istifadə edir. Diaspor hərəkatının gücləndirilməsi, mütəşəkkil qüvvəyə çevrilməsi və Azərbaycan lobbisinin təşəkkül tapması naminə müxtəlif layihələr həyata keçirilir. Təsadüfi deyil ki, Tovuz hadisələri və Vətən müharibəsi zamanı erməni diasporu Azərbaycan diasporunun qarşısında iflasa uğradı. Onlar cinayətə, terrora, feyk xəbərlər yaymağa hazır olduqlarını sübuta yetirdilər, təcavüzkar ölkəyə layiq vəhşi, faşist mahiyyətli qüvvələr olduqlarını sübut etdilər. Azərbaycan diasporu isə beynəlxalq hüquq normalarına və yaşadıqları ölkələrin qanunlarına hörmət edən, feyk xəbərləri dərhal ifşa edən, sivil, mədəni hərəkat, sülh və barış tərəfdarı kimi meydana çıxdı.  Hesab edirəm ki, diasporun gücləndirilməsi və genişlənməsi naminə bu islahatları daha da dərinləşdirmək lazımdır".

O.Pirverdiyev qeyd edib ki, azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin açılmasında Dövlət Komitəsi böyük rol oynayıb. "Komiyənin mərkəzə dəstəyi hələ də davam edir. Komitə Gürcüstandakı soydaşlarımıza böyük diqqətlə yanaşır. Müxtəlif layihələrin gerçəkləşdirilməsində köməyini əsirgəmir. Məsələn, "Gənclər gələcəyimizdir – Təhsil millətin gələcəyidir" adlı layihənin həyata keçirilməsi sayəsində çox sayda gəncimiz təhsil alır və sağlam həyat tərzi sürür".