Rəşad Nəbiyev İctimai Şuranın üzvləri ilə görüşüb - FOTO

 16:57 05.07.2021     171

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev rəhbərlik etdiyi qurumun yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, o, Şuranın tərkibinin formalaşdırılması məqsədilə keçirilən seçkilərdə uğur qazanaraq seçilmiş Şura üzvlərinin hər birini təbrik edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Nazir bildirib ki, İctimai Şura ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, eləcə də şəffaflığın təmin edilməsində böyük rola malikdir.

R. Nəbiyev sahə üzrə mövcud vəziyyət və perspektivlər barədə ətraflı danışıb, İctimai Şura üzvlərinin rəy və təkliflərini dinləyib.

Şuranın üzvləri nazir R. Nəbiyevə səmimi ortamda keçən görüşə görə minnətdarlıqlarını bildiriblər. Onlar ictimai iştirakçılığın təmin olunmasının nazirliyin işinə müsbət istiqamətdə təsir göstərəcəyinə əminliklərini ifadə ediblər.

Sonra İctimai Şuranın ilk iclası keçirilib. İclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib. Şuranın sədri “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, sabiq rabitə naziri Siruz Abasbəyli, sədr müavinləri “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri Qalib Qurbanov və “Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyinin üzvü, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi Fərhad Eyyubov, katibi “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova olub.

222