FHN-dən hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

 17:18 05.07.2021     318

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Redaktor.az-ın xəbərinə görə, FHN-in müraciətində bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!