Partlayış olan ərazi xəritədə yoxdur? - AÇIQLAMA

 18:13 06.07.2021     149

Püskürməsi qeydə alınan vulkan Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşən Daşlı adadır. Vulkan Bakıdan təxminən 75 km cənub-qərbdə yerləşir və Azərbaycanın aktiv vulkanlarından hesab olunur. Orada 1920 və 1945-ci illərdə indiki kimi odlu püskürmələr qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Axar.az-a Geologiya və Geofizika İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, Daşlı vulkanın güclü püskürməsi nəticəsində yaranmış alov sütununun hündürlüyü 500 metrdən çox olub:

“Bu da, çox güman ki, sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədardır. Şimalda yerləşən nisbətən böyük ada vulkanlarına nisbətən Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılıb”.

İnstitutdan qeyd edilib ki, Azərbaycanın palçıq vulkanları xəritəsində Daşlı vulkanının olmaması barədə məlumat doğru deyil.

“Vulkanın dənizdə yerləşməsi və palçığın gec quruması ilə əlaqədar hazırda hadisə yerində hər hansı tədqiqat işinin aparılması mümkünsüz sayılır”, - deyə bildirilib.