Bank kartlarına gələn pullar yoxlanılacaq? - "PATI" ALVERİ

Son günlər narkokitik satışı ilə bağlı mövzu cəmiyyətdə haqlı narahatlıq doğurur. Belə ki, bu işlə məşğul olan şəxslər artıq yeni üsullardan istifadə edir. Sosial şəbəkələr isə onlara böyük “imkanlar” yaradır. Narkotik almaq istəyən şəxslər bu "tacirlər"in bank hesabına asanlıqla pul köçürür. Beləliklə narkotikin açıq satışı daha da asanlaşır.
Bəs görəsən bunun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Bank sahəsi üzrə ekspert Xəyal Məmmədli Redaktor.az-a bildirib ki, əgər vətəndaş fiziki şəxs kimi bankda hesab açırsa və hesab VÖEN-ə bağlı deyilsə, onun hesabına gələn pullarla bağlı nəzarət mexanizmi yoxdu:
“Ölkədən kənardan hesaba köçürülən pullarla bağlı valyuta əməliyyatlarının aparılması qaydaları var. Bu qaydalara əsasən ölkədən çıxan xarici valyuta köçürmələri və bank hesablarına gələn köçürmələrin monitoriniqi aparılır. Lakin ölkə daxilində pul hərəkətinə belə bir nəzarət mexanizmi tətbiq edilmir. İstənilən fiziki şəxsin hesabına müxtəlif mənbələrdən pul daxil ola bilər. Bu köçürmələr bank filiallarında, terminallarda, kartdan-karta üsulu ilə aparıla bilir. Həmin fiziki şəxs qanunsuz bizneslə məşğuldursa, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.
Ekspert əlavə edib ki, bank tərəfindən fiziki şəxslərin hesabına köçürülən pul vəsaitləri ilə bağlı yalnız məhkəmə qərarı olduğu təqdirdə həbs qoya bilər:
“Əgər belə bir qərar yoxdursa və adi bir vətəndaşın hesabına kimsə pul köçürübsə bank bunu araşdırmır. Əks təqdirdə müştərinin hüquqları pozulur”.
Şəbnəm Mehdizadə