"Patı" satanları hansı cəza gözləyir? - Azərbaycan

 01:31 09.07.2021     182

Redaktor.az xəbər verir ki, Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu son zamanlar aktual olan məsələ, “patı” deyilən metamfetaminin istehsalı və satışı ilə bağlıdır.

Adını qeyd etdiyimiz maddə sosial şəbəkədə təhlükəli olması barədə ən çox paylaşılan psixotrop vasitədir. Fəsadları son dərəcə təhlükəli olan və ölkədə getdikcə sürətlə yayılan bu vasitənin istifadəsi hələ ötən əsrin 70-ci illərində bütün dünyada qanunla qadağan edilib. Azərbaycanda da sosial şəbəkə istifadəçiləri gələcəyimiz üçün təhlükəli olan metamfetamin barədə məlumatlar paylaşaraq, onu istehsal edənlərə, satanlara ağır cəza verilməsini tələb edirlər.

Görək, ölkə qanunvericiliyində “patı”, “şüşə”, “met” və s. adlanan metamfetaminin satışı ilə məşğul olanlar barəsində hansı cəzalar nəzərdə tutulub?

Rubrikamızın sualına hüquqşunas Şamil Paşayev aydınlıq gətirib.

O bildirib ki, narkotik və psixotrop maddələri satış məqsədilə istehsal edənlər 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Həmin təhlükəli maddənin elmi adı metamfetamindir. Patı deyilən bu psixotrop vasitə şəffaf rəngdə uzun düyüyə bənzəyir. Məhz bu səbəbdən ona şüşə də deyilir. Polis əməkdaşları metamfetaminin küçə adının "şüşə" olduğunu bildikdən sonra aludəçiləri onu "patpress" deyə adlandırdılar. Bu ad da hüquq-mühafizə orqanlarına bəlli olandan sonra artıq bu psixotrop maddəyə "patı" deyirlər. Tərkibinə görə, digər narkotik vasitələrdən daha ağır fəsadlara yol açır. Hamıya məlum olan maddələrdən hazırlandığı üçün asan tapılır və yerli istehsalı da mümkün olur. Həmçinin qiyməti də ucuzdur. Buna görə də sürətlə yayılıb.

Qanunsuz olaraq narkotik vasitələri hazırlama, satma, göndərmə, daşıma, əldə etmə cinayət məsuliyyətinə səbəb olur. Həmin şəxslər 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Satış məqsədilə bu vasitələri istehsal etmə olduqda isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunur. Cinayət Məcəlləsinin 74-1-ci maddəsinə əsasən isə, şəxs narkotik vasitəni daşıma, göndərmə, çatdırma üzrə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinirsə, onun digər cinayət əməli yoxdursa və narkomaniya xəstəliyinə düçar olubsa, barəsində həbs qərarı seçilmir. Məhkəmə həmin şəxs haqqında stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər seçir. Yəni, məcburi müalicəyə cəlb edilir. Xəstəxanada müalicədən sonra məhkəmə onu cinayət məsuliyyətindən azad edə bilər”.