“Kainat” şadlıq sarayında qayda pozuntusu aşkarlanıb

 17:19 12.07.2021     135

11 iyul 2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Q. Musabəyov 4 ünvanında fəaliyyət göstərən “Kainat” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumatda bildirilib ki, həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Həmçinin, pandemiya dövrünün tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisəsində bir masa arxasında 6 nəfərin əyləşməsinə icazə verildiyi halda, keçirilən baxış zamanı bir masa arxasında 10 nəfərin əyləşdiyi müəyyən edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.