Toylarda hansı qayda pozuntularına yol verilir? - RƏSMİ

 17:36 13.07.2021     135

Şadlıq saraylarında müəyyən edilmiş tələblərə nəzarət məqsədilə monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Redaktor.az-a verilən məlumata əsasən, monitorinq qrupları bu günə qədər 300-dən çox obyektdə olub, şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

İyulun 12-də keçirilmiş monitorinqlər zamanı şadlıq saraylarında bu qaydalara əsasən riayət olunduğu müəyyən edilib.

Lakin şənlik mərasimlərinin təşkil edildiyi bəzi məkanlarda müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb.

Bu xüsusilə toylarda icazə verilən saydan artıq qonaqların gəlməsi, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə müvafiq sənədlərin olmaması ilə bağlıdır.

Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra pozuntu halları aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.