ANS TV yeni adla efirə qayıdır? - AÇIQLAMA

 10:15 14.07.2021     472

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumirespublika televiziya kanalının açılması üçün 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

MTRŞ-dan Redaktor.az-a verilən məlumata görə, müsabiqəyə 6 iddiaçı sənəd təqdim edib.

Bunlar "APA Mark" MMC, "Təhsil TV" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İstipress" MMC, "Medical Media" MMC-dir.

Ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.

"Ölkə.Az" xəbər verir ki, ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı Modern.az-a təsdiqləyib.

S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib:

"Bu müsabiqədə bizim "İstipress" MMC, "İNS ÇM" MMC və "Balans Studiyası" MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik. Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nın səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!".

Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan "İstipress" MMC, "İNS ÇM" MMC və "Balans Studiyası" MMC-yə  ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.