Baş Prokurorluqda veteranlarla görüş keçirilib - FOTO

 17:45 14.07.2021     78

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə prokurorluğun gənc əməkdaşları arasında Baş Prokurorluqda görüş keçirib.

Baş Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, Ümummilli Lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-dən başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir tarixi dövrün təməli qoyulub.

İqtisadi və sosial inkişaf baxımından digər sovet respublikalarından geri qalan Azərbaycan Sovet Sosialist Respublikası məhz Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində regionun və bütün Sovetlər birliyinin lider respublikalarından birinə çevrilib.

Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasətin məntiqi nəticəsidir ki, bu gün 30 ilə yaxındır mənfur erməni faşistlərinin işğalında olmuş doğma torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə işğalından azad olunub. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinin fatehi Möhtərəm Prezident İlham Əliyev özünün müdrik rəhbərliyi, uzaqgörən siyasəti, qətiyyəti və güclü ordusu ilə qısa müddət ərzində bütün dünyaya Azərbaycan xalqının iradəsini, əzmini və gücünü nümayiş etdirib.

“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə 14 iyul 2021-ci il tarixdə Baş Prokurorluğun yeni inzibati binasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçilməsi ilə əlaqədar olaraq prokurorluğun gənc əməkdaşları ilə görüş keçirib.

Görüş iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş fotogüşə və kitabxana ilə tanış olmuşlar. Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti və yaradıcılığını özündə əks etdirən və bir neçə xarici dildə çap olunmuş kitablar tədbir iştirakçılarında zəngin təəssürat yaradıb.

Daha sonra tədbir akt zalında davam etdirilmişdir. Tədbiri açıq elan edilərək Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunaraq 14 iyul – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı əldə olunmuş uğurlara həsr edilən “Heydər Əliyev – Dəyərlərimizin xilaskarı” adlı filmə tamaşa ediblər.

Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin sədri Seyfulla Aslanov “Azərbaycan Prokurorluğunun inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda nitq söyləyib. O, prokurorluq orqanlarında fəaliyyət etdiyi dövrdə Ulu öndərin Azərbaycan Prokurorluğunun inkişafında müstəsna rolunu qeyd edib, məhz tarixdə ilk dəfə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və prokuroluğun fəaliyyətini tənzimləyən digər qanun və normativ aktların qəbul olunmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Birliyin üzvləri Durhəsən İmanov, Abisalam Heydərov, Nəriman Ələkbərov və Səyyaf Qubadov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına olan xidmətlərindən danışıb.

Tədbirdə iştirak edən prokurorluğun gənc əməkdaşı Aqil Əli-zadə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətin gənclərə göstərdiyi qayğıdan və diqqətdən danışıb.

Tədbirin yekununda xatirə fotoşəkli çəkilib.

222