Ənvər Paşanın nəticəsi Azərbaycana gəlir

 11:39 18.07.2021     176

Türk dünyasının böyük sərkədəsi - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına hərbi - siyasi dəstəyini əsirgəməyən, Qafqaz İslam Ordusunu formalaşdıran Ənvər Paşanın nəticəsi Azərbaycana gəlir.

Redaktor.az xəbər verir ki, bu haqda Sherg.az-a Azərbaycan Türk Oçağının sədri Akif Aşırlı məlumat verib.

A.Aşırlı bildirib ki, Ənvər Paşanın adını daşıyan Ənvər Burak Qurban bayramı ərəfəsində ilk dəfə Azərbaycana gəlir. Azərbaycan Türk Oçağının dəvətlisi olaraq ölkəmizə gələn Ənvər Burak Qarabağ Zəfərinə etdiyi niyyətlə qurbanlar kəsəcək, babaları Ənvər və Nuru Paşaların Azərbaycanda izlərinə səfərə cıxacaq. Qafqaz İslam Ordusunun döyüş yolunun başlanğıcı nöqtəsi olan Gəncəyə, Şamaxıya səfər edəcək, Gəncədə Şeyxzamanlıların malikanəsində olan Nuru Paşanın hərbi qərargah muzeyini, Cümhuriyyətə bağlı yerləri ziyarət edəcək, tarixi yerlərə baş cəkəcək.

Akif Aşırlı bildirib ki, Ənvər bəy Şamaxıda Qafqaz İslam Ordusu əsgərlərinin məzarlarını da ziyarət edəcək, tarixi yerlərdə olacaq. Ənvər bəyin  Bakıda Şəhidlər Xiyabanını,  Qafqaz İslam Ordusu anıtını,  Ənvər Paşanın yaxın dostu Axund Yusif Ziyanın Abdulla Şaiqin ev muzeyindəki güşəsini də ziyarəti gözlənilir. Azərbaycan Türk Oçağında bir sıra tədbirlər də nəzərdə tutulduğunu qeyd edən A.Aşırlı bildirib ki, qonaq Qarabağ qaziləri, şəhid ailələri ilə də görüşəcək, aydınlarla bir araya gələcək.