Daha iki internet provayderi "SmartPay"ə qoşulub

 15:20 11.08.2021     251

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha iki xidmət əlavə olunub.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Star Telecom” və “BeeOnline” internet provayderi də qoşulub.

Artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Star Telecom” və ya “BeeOnline”u seçib, abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Məlumat üçün bildirək ki, “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. Bu xidmət vasitəsilə “SmartPay” terminallarından və 1425 poçt filialından ödəniş etmək mümkündür. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Elektron ödənişlər üçün isə “smartpay.az saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “SmartPay Wallet” yazıb, axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.

“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.