Məhkumlarla uzunmüddətli görüşə icazə verilmir - SƏBƏBİ İSƏ...

 19:36 25.08.2021     137

Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə yenidən icazə verilir.

Redaktor.az-ın məlumatına görə, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.

Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVID-19 pasportu ilə icazə verilir.

Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə biləcəklər. Müvafiq sənədi olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.

Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı. 

Məhkumların cəzaçəkmə müəssisələrində ailələri ilə uzunmüddətli görüşmək üçün COVID-19-pasportunun tələb olunub-olunmaması ilə bağlı "Oxu.az" Ədliyyə Nazirliyi Penitensiar xidmətinin şöbə rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

O qeyd edib ki, cəzaçəkmə müəssisələrində görüşə icazə Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qaydalara uyğun olaraq təşkil edilir.