“Marş İrəli: Naxçıvan” layihəsinə start verilib

 22:11 25.08.2021     320

“İrəli” İctimai Birliyi gənclərin milli ruhda formalaşması, onların vətənpərvər və intellektual inkişafı ilə bağlı tədbirlərin təşkilini davam etdirir.

İctimai Birlikdən Redaktor.az-a bildiriblər ki, bu qəbildən olan “Marş İrəli” layihəsi artıq üç mövsümü uğurla başa vuraraq, dördüncü mövsümə qədəm qoyur. Naxçıvan Muxtar Respublikasında baş tutacaq “Marş İrəli: Naxçıvan” layihəsi muxtar respublika gənclərini əhatə edir. Layihənin əsas məqsədi Azərbaycan gəncliyinə hərbi vətənpərvərlik ruhunun aşılanması, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə verməkdir.

Açıq hava şəraitində düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində gender bərabərliyi qorunmaqla 17-25 yaşlı, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq. Gənclərin layihədə iştirakı onların fiziki dözümlüyünün artırılmasında mühüm rol oynayacaq. Motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında gənclər bilik və bacarıqlarını da inkişaf etdirəcəklər.

Layihə müddətində, həmçinin peşəkar hərbçilərlə görüş, “Naxçıvan” Mərkəzi Təlim Mərkəzi, Naxçıvan şəhərində “N” saylı hərbi hissəyə səfər, silahla rəftar, atıcılıq, feyk-nyus təlimləri və digər maraqlı tədbirlər də nəzərdə tutulur.

Xatırladaq ki, layihənin ilk üç mövsümü müvafiq olaraq, Ağdam, Goranboy və Göygöldə təşkil olunub. Silsilə layihədə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.

“İrəli” İctimai Birliyi vətənpərvər gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirləri bundan sonra da davam etdirəcək.