Qəbələdə pandemiya ilə mübarizə gücləndirilib

 01:52 26.08.2021     270

Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının kəskin artması ilə əlaqədar Qəbələ rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, rayonda karantin rejimi qaydalarının təmin olunması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan Redaktor.az-a bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və mülki geyimdə olan polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində, əhalinin sıx olduğu məkanlarda reydlər keçirir, vətəndaşlar arasında maarifləndirici təbliğat işləri aparırlar.

Avqustun 25-də keçirilən növbəti reyd zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi bir daha ətraflı izah olunub. //AZƏRTAC