Sumqayıtda şəhid komandirin xatirə abidəsi açılıb - FOTO

 18:25 31.08.2021     128

Sumqayıt şəhərində Qələbə şəhidlərindən biri olan mayor Taleh Kərimovun xatirə abidəsinin açılış mərasimi baş tutub. 

Redaktor.az xəbər verir ki, tədbirdə İcra hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, qazilər, şəhid ailələrinin üzvləri çıxış ediblər.

Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun hərbi qulluqçularından biri də mayor Taleh Adil oğlu Kərimovdur.

Yeddi bacının tək qardaşı olan Taleh Sumqayıt şəhərində dünyaya göz açıb. Yaşasaydı 36 yaşı tamam olacaqdı.

O, respublikamızın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hələ kursant olduğu vaxtlarda “Azərbaycan Ordusu” qəzetinin müxbirinin “Nə üçün zabitlik peşəsini seçdin? sualını bu cür cavablandırıb: “Mən sizin bu sualınıza Ulu öndər Heydər Əliyevin bir vaxtlar dediyi fikirlərlə cavab vermək istərdim. “Azərbaycan öz oğullarına – təcrübəli mütəxəssislərə bu gün həmişəkindən daha çox möhtacdır. Elə mütəxəssislərə ki, həmvətənlərini öz arxasınca aparmağa, düşmənin qarşısında igidliklə durmağa, onu pərən-pərən salıb doğma torpaqdan qovmağa qadirdirlər”.

Ali hərbi məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas” kursunu müvəffəqiyyətlə bitirən gənc zabit bütün xidməti boyu Ulu öndərin dediklərini öz əməli fəaliyyəti ilə doğruldub. Motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi – kəşfiyyat taqımının komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəzifəsinə, “mayor” hərbi rütbəsinədək ucalıb. Xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə 5 yubiley və döyüş medalı ilə təltif olunub. Ata və anası dünyasını dəyişsələr də yeddi bacı tək qardaşları ilə fəxr edib, qürur duyublar. 

Vətən müharibəsinin ilk günündən hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin rəisi kimi döyüşlərə qatılıb. Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirib. 

Mayor Taleh Kərimov 2020-ci il oktyabrın 30-da Qubadlı rayonu ərazisində sübh tezdən mühüm kəşfiyyat tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid olub. Onun Vətən, xalq, dövlət qarşısında xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək dəyərləndirilib, göstərdiyi misilsiz şücaətə görə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.

Müdafiə Nazirliyinin şəhidlə bağlı keçirdiyi tədbirdən fotoları təqdim edirik: