Bakıda ağacların kəsilməsi ilə bağlı cinayət işi açılıb

 18:59 31.08.2021     111

Bakı şəhəri Binəqədi rayonu ərazisində tikinti işləri zamanı ağacların kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb. 

Redaktor.az-ın məlumatına görə, Baş Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, bələdiyyənin müvafiq qərarına və müqaviləyə əsasən bələdiyyənin inzibati ərazisi olan icarəyə verilən torpaq sahəsində tikinti işləri aparılarkən ərazidə mövcud olan ağac və kollar məhv edilib, nəticədə dövlətin təbiətin qorunmasına dair qanunla qorunan mənafelərinə 9 min manat məbləğində mühüm zərər vurulmuşdur. Eyni zamanda, tikinti zamanı ayrılan torpaq sahəsindən əlavə bələdiyyə torpağının zəbt edilməsi də aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.