COVID-19 pasportu olmayan şəxslər CƏRİMƏLƏNMƏYƏCƏK - RƏSMİ

Bu gündən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.
COVID-19 pasportu olmayan şəxs həmin obyektə daxil olarsa, obyekt sahibi, yoxsa vətəndaş cərimələnəcək?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu halda cərimə obyekt sahibinə yazılacaq:
"COVID-19 pasportu və ya immunitet sertifikatının tələb edildiyi iş və xidmət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Həmin obyektlərə daxil olan şəxslər yoxlanılmalıdır. Nəzarətdən yayınaraq içəri daxil olan şəxslərə görə obyekt sahibi məsuliyyət daşıyır. Yəni, cərimə vətəndaşa deyil, obyekt sahibinə yazılacaq".
Qeyd edək ki, ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən də COVID-19 pasportu tələb olunacaq.
Həmçinin, bu gündən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Oral Mədənçi / Redaktor.az