Saxta vaksin pasportu satan həkimlərə cinayət işi açılıb

 15:10 02.09.2021     289

“Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb.

Ağcabədi Rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.