Azərbaycanlı Tibb İşçiləri Birliyinin saytı fəaliyyətə başladı - Almaniya

 11:11 06.09.2021     581

Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB) https://az.amedeu.de saytı fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, sayt Almaniyada yaşayan azərbaycanlı həkimlər, alimlər və tələbələr arasında mövcud əlaqələri, alman və azərbaycanlı həkimlər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinə dair imkanları araşdırmaq və təkmilləşdirmək, əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq məqsədilə yaradılıb.
AATİB-in əsas hədəflərindən biri tibb sahəsində fəaliyyət göstərən soydaşlarımızın peşə hazırlığının artırılmasına, kariyerasının ilk pillələrində olan həmkarlarımızın alman cəmiyyətinə inteqrasiyasına dəstək göstərməkdir.  Maarifləndirməyə və təlimlərin keçirilməsinə xüsusi diqqət ayıran birlik üçün təhsil və sosial proqramların yaradılması, Azərbaycanda və Almaniyada konfransların təşkili və tibbi maarifləndirmənin təbliği, eyni zamanda yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin qurulması prioritet məsələlərdəndir.

Qeyd edək ki, AATİB 2020-ci ildə rəsmi fəaliyyətə başlayıb. Almaniyada çalışan yüzlərlə azərbaycanlı tibb işçisinin təmsil olunduğu ilk cəmiyyətdir. Birlik 2020-ci ilin dekabr ayında Almaniya Federativ Respublikasının Visbaden Ədliyyə baş idarəsinin 02.12.2020-ci il 7380 №-li qərarı ilə rəsmi qeydiyyatdan keçərək ictimaiyyətə təqdim olunub.