"Vahid məktəbli forması ilə bağlı qaydalar hələ qəbul olunmayıb" - Emin Əmrullayev

 16:27 07.09.2021     256

“Vahid məktəbli forması ilə bağlı müəyyən qaydalar hazırlanmışdı, amma hələ qəbul olunmayıb".

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, hələlik mövcud qaydalarla davam ediləcək: “Ümumilikdə, hazırda məktəb formaları təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yeni qaydalar qəbul olunana qədər hələ ki mövcud qaydalarla davam edirik. Qərar qəbul olunduqda ictimaiyyətə açıqlanacaq”.

Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, məktəbli formalarının yeni təsvirləri qəbul olunduğu halda belə, mövcud forma bir müddət istifadədə qalacaq: “Bu o deməkdir ki, uşaqlar böyüyənə, ölçülər dəyişənə, forma yarasız hala düşənə qədər köhnə formadan istifadə olunacaq. Yeni məktəbli formasına keçid tədricən aparılacaq”.