"Hansısa tibbi arayış COVID-19 pasportunu əvəz etmir" - DİN rəsmisindən AÇIQLAMA

Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, sentyabrın 1-dən bir sıra məkanlara yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda buraxılırlar.
Vətəndaşlar arasında çaşqınlıq yaradan məsələlərdən biri isə müxtəlif xəstəliklər səbəbindən COVID-19 pasportu ala bilməyənlərin peyvəndlənmə əleyhinə "Əks göstəriş sertifikatı" almasıdır. Belə ki, "Əks göstəriş sertifikatı" almaq üçün vətəndaş ərazi üzrə qeydiyyatda olduğu poliklinikaya müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikatı" verilir. Bu proses isə bəzən bir neçə həfətə çəkir.
Bəs vətəndaşa bu müddət ərzində xəstəxana və ya poliklinikaların verdiyi arayış COVID-19 pasportu tələb olunan məkanlara daxil olmaq üçün keçərli ola bilərmi?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Redaktor.az-a açıqlamasında bildirib ki, hansısa tibbi arayış COVID-19 pasportunu əvəz etmir: “Yoxlama zamanı ya COVID-19 pasportu, ya da "Əks göstəriş sertifikatı" olmalıdır".
Qeyd edək ki, COVID-19 pasportu tələb olunacaq məkanlara ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri, ali məktəblər, orta ixtisas məktəbləri, həmçinin qapalı məkanda yerləşən şadlıq sarayları, idman-sağlamlıq kompleksləri, restoranlar və kafelər daxildir.
Oral Mədənçi / Reaktor.az