Allahşükür Paşazadə TƏLTİF EDİLDİ - FOTO

 17:55 08.09.2021     746

Sentyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovu qəbul edib.

QMİ-dən Redaktor.az-a bildirilib ki, səfiri səmimi salamlayan Şeyxülislam iki qardaş dövlət arasında ənənəvi əlaqələrin Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxın dost və qardaş münasibətlərinin sayəsində daha da möhkəmləndiyini qeyd edib, bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyindən əminliyini bildirib.

QMİ sədri Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə verdiyi dəstəyə görə Özbəkistan dövlətinə və qardaş Özbəkistan xalqına bir daha öz dərin təşəkkürünü bildirib. Şeyxülislam bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə Ermənistanın işğalı nəticəsində dağıdılan məscidlərin, digər dinlərə məxsus abidələrin bərpasına başlanıb.

Özbəkistan səfiri erməni işğalından azad olunan Ağdama səfər etdiyini, ermənilərin dini-mədəni və tarixi abidələrə qarşı törətdikləri əməllərdən sarsıldığını, yaxın günlərdə Özbəkistandan Azərbaycana gələcək rəsmi nümayəndə heyəti ilə birgə işğaldan azad edilən digər rayonlara da səfər edəcəyini bildirib.

Səfir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə Şeyxülislam Allahşükür Paşazadənin iki ölkə arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə “Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunub. Bundan sonra səfir medalı və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı vəsiqəni QMİ sədrinə təqdim edib.

Allahşükür Pashazadə səfirdən Özbəkistan dövlətinin başçısına təltifə görə minnətdarlığını və xeyir-dualarını yetirməyi xahiş edib.

Foto