COVİD-19 pasportu olmayan vətəndaş xəstəxanaya BURAXILMADI

“Sentyabrın 6-da əvvəlcədən zəng edib həkim qəbuluna yazılsam da, məni Respublika Neyrocərrahiyyə Xəstəxanasına buraxmadılar. Səbəb kimi isə xəstəxanaya girişin yalnız COVID-19 pasportu ilə olmasını göstərdilər”.
Redaktor.az xəbər verir ki, bu şikayətlə Bakı sakini Nəcibə Dadaşova müraciət edib. Onun sözlərinə görə, xəstəxanada bununla bağlı hər hansı elan asılmasa da, girişdə dayanmış şəxs içəri daxil olan hər kəsin COVID pasportunu yoxlayır: “Mən Nevrologiya şöbəsinə gedirdim, heç ümumi girişdən keçə bilmədim. Məndən sonra gələn hər kəsdən də COVID pasportu istədilər, kimdə var idi keçdi, olmayanlar mənim kimi əliboş geri qayıtdı. Gəlib qaynar xəttə nə qədər zəng etsəm də, düşə bilmədim. Axı bu hansı qanunda var? Tibb müəssisəsi vətəndaşdan peyvənd pasportu istəyə bilərmi?”
Respublika Neyrocərrahiyyə Xəstəxanasından isə "qafqazinfo"ya bildirilib ki, yalnız xəstənin yanında gələn şəxslərdən peyvənd pasportu istənilir: “Xəstəxanaya müalicə və müayinə məqsədilə gələn şəxslərin tibb müəssisəsinə daxil olmasında heç bir maneə yoxdur. Xəstəxananın girişində pasportların yoxlanılması isə xəstəni müşayiət edən vətəndaşların COVID pasportunun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Məhz xəstənin yanında gələn vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, COVID pasportu olmayan şəxslərin pandemiya qaydalarına uyğun olaraq xəstəxanaya buraxılması məqsədəuyğun hesab edilmir”.