Goranboyda iki tibb işçisinə cinayət işi açıldı

 16:20 10.09.2021     914

Goranboy rayon Mərkəzi Xəstəxanasında avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.  

Goranboy Rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı Goranboy RMX PHŞ-də tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın vaksinasiyanın həyata keçirilməsi ilə bağlı onlara həvalə edilmiş qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.